"Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar"
Haqq elmində bu aləm bir surət imiş ancaq,
O surətdə bu Adəm bir nöqtə imiş ancaq.
O nöqtənin içində gizli neçə min dərya,
Bu aləm o dəryadan bir damla imiş ancaq.
Adəmliyin kim tapsa bil ki odur Adəm,
Yoxsa görünən surət bir kölgə imiş ancaq.
Hz. Niyazi Misri (17 əsr)
Texnologiyanın böyük sürətlə inkişafına baxmayaraq bəzi
insanlar hələ də meymundan əmələ gəlmələrini düşünürlər. Onların Darvin nəzəriyyəsinin
hələ də qüvvədə qalmasına baxmayaraq, özlərinin kamil insan olmalarına tam əmindirlər.
Qədim müdriklərin, yəni sufilərin məntiqində kamil insan - yaradılışını bilmək
və Allahını tanımaq hesab olunurdu ki, bu günkü insanlar bu haqda heç nə bilmirlər. Buna
görə də müasir dövrümüz sufi məntiqində "cahiliyyə dövrü" hesab
olunur. Bəs həqiqət necədir, elm nədir? İnsanlar nələri bilmirlər? Bu məqalədə
biz bu məsələlərə sufi-batin məntiqi ilə, yəni qədim müdriklərin
"gözü" ilə baxacağıq.
Bildiyimiz kimi imam Əli demişdir: "Elm bir nöqtə
idi, cahillər onu çoxaldılar". Yazılanlara görə, İmam Əli İlahi sirləri, yəni
batin elmini bilən kamil insan olmuşdu və buna görə də peyğəmbərimiz - "Mən
elm şəhəriyəm, Əli onun qapısıdır" demişdi. Başqa sözlə, yalnız imam
Əlinin elmi ilə peyğəmbər həqiqətlərini dərk etmək mümkündür. Deyilənə görə
İmam Əli "nöqtə" ilə bağlı bildirmişdir ki, “Quran Fatihədən, Fatihə
Bəsmələdən, Bəsmələ “Bə” hərfindən ibarətdir və mən də o "Bə" hərfinin
altındakı nöqtəyəm". Batini məntiqdə Bə (Ba) - qədim Misir fironu (pir)
Amonun göydə Ra-Amon Allahına çevrilərək ölümsüzlük qazanmış ruhudur. Deməli,
imam Əli göydəki Ra-Amon/Rəhman Allahın ruhu ilə bağlıdır. Başqa sözlə, həqiqi
elm imam Əlidən başlayan vahid elmdir və bu elmi cahillər çoxaltmışlar. Bu
elmin nə məna kəsb etdiyini anlamaq üçün müqəddəs yazıların batini mənalarına nəzər
salaq.
Ba rəmzi müqəddəs Tövratın və Quranın ilk rəmzləridir.
Tövrat - "Əvvəlcə Allah göyü və yeri yaratdı" cümləsindən başlanır
ki, burada ilk söz "əvvəlcə" mənasını verən "Bereşit" rəmzidir.
Yəhudi müdriklərinə görə "Bereşit" rəmzi bütün Tövratın mahiyyətidir.
Bu kitabda "Əvvəlcə Allah yaratdı" ifadəsi - "Bereşit bara
Elohim" rəmzləri ilə verilir və burada Elohim (İlah-Om) - Allah,
"bara" (BR) rəmzi isə "yox yerdən var etmək" mənasındadır.
Bereşit rəmzi Be-reşit kimi açılır ki, buradakı reşit - əvvəl deməkdir. Ba rəmzi
yəhudi əlifbasında ikinci - bet hərfidir. Üç tərəfi bağlı, sol tərəfi açıq olan
bu hərfin ortasında nöqtə (בּ) olanda "B", yəni ba kimi oxunur. Batini mənada
bet hərfi beyt, yəni ev deməkdir ki, bu da göydəki ev anlamında yəhudilərin El
Allahına aiddir. El (İlu) rəmzi isə Əli rəmzi ilə eyni mənalıdır. İmam Əli
özünü Ba-nın altındakı nöqtə adlandırır ki, yəhudi əlifbasında bu nöqtə bet-in,
yəni beytin içindədir. Deməli, imam Əli obrazı yaranış zamanı Allahın göydəki
beytinin içində yaradılmışdır. Digər tərəfdən, bet hərfi rəqəm hesabında iki
deməkdir və bu mənada Bereşit rəmzi Bet-reşit, yəni iki əvvəl, iki başlanğıc,
iki yaradılış mənasını verir. Reşit rəmzi batini mənada Ra və Şit rəmzlərindən
ibarətdir. Ba-Ra-Şit rəmzlərini yaxşı anlamaq üçün eyni zamanda Qurana da nəzər
salmaq lazımdır.
Yazdığımız kimi Quran Fatihədən, Fatihə Bəsmələdən, Bəsmələ isə ba hərfindən ibarətdir ki, bu da Quranın mahiyyətinin ba ilə bağlı olması deməkdir. Ba-dan başlanan Bereşit də Tövratın mahiyyətidir. Batini mənada "Bismillah Rəhmani Rəhim" rəmzi - "Ba Allahın ismi Rəhman və Rəhimdir" fikrini ifadə edir. Burada Rəhman - əvvəldə gələn günəş Allahı Ra-Amon, Rəhim isə axirətdə gələcək Mehdi mənasındadır və biz bu haqda kitab və məqalələrimizdə yazmışıq (Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Rəhim rəmzi Ra-Qam mənasında Mehdinin qam-şamanlıqla, yəni ekstatk durumla bağlı olmasına işarədir. Quranda RaQam rəmzi Raqim əhli kimi keçir və Mağara surəsindəki mağara ilə əlaqələndırilir və biz aşağıda mağara rəmzinə qayıdacağıq. RaQam (R-QM) rəmzi batinilərdə eyni zamanda QamƏr (QM-R) kimi oxunur ki, bu da Mehdinin - axirətdə günəş Allahının yerinə gələcək ay Allahı mənasında olması deməkdir. Deməli, Ba Allahı dedikdə burada da iki yaranış, iki başlanğıc nəzərdə tutulur və bunlar bilavasitə Ra günəş Allahı ilə bağlıdır. Tövratda da Bereşit rəmzində olan Ba Allahı - Ra və Şit rəmzlərindən ibarətdir ki, burada əvvəldə gələn Ra - günəş Allahı olan Ra-Amon/Rəhman, Şit rəmzi isə axirətdə gələcək və Rəhim mənasında olan Moşiahı, yəni Mehdini bildirir. Başqa sözlə, Bereşit dedikdə sufi-batinilər günəş Allahı olan Ra-nı və ay Allahı olan Şiti nəzərdə tuturlar.
Bereşit rəmzi həm də Bere-Şit kimi oxunur ki, biz
yuxarıda bere/bara (BR) rəmzinin birbaşa mənada - "yox yerdən var edən"
mənasında olmasını yazdıq. Qədim Misirdə bara rəmzi - firon Amonun ba ruhunun,
onun teurqiya vasitəsi ilə göydə yaratdığı Ra diski/şarı ilə birləşməsini
bildirirdi ki, bu da elə Amon-Ra (Ra-Amon) deməkdir. Deməli, batini mənada
Bereşit həm də AmonRa-Şit deməkdir.
Tövratda Şit - Adəm və Həvvanın, Habil və Qabildən
sonra üçüncü oğlu hesab olunur və mənbələrdə o Sif kimi də keçir. Mətnlərə görə
Adəm oğullarından yalnız o atasının bənzəri və obrazı kimi yaradılmışdır. Adəmin
özündən elm öyrənən Şit/Sif - İlahı müdrikliyin qoruyucusu və "insaniyyətin
ürəyi" hesab olunurdu.
Tövratda günəş və ay Allahları böyük və kiçik nursaçan
kimi rəmzləndirilmişdir. Bu kitaba görə, yer və göyün yaradılışının dördüncü
günü, Allah - iki nursaçan: Böyük nursaçan - gündüz, kiçik nursaçan isə gecə
idarə etmək üçün yaradır. Burada böyük nursaçan dedikdə, firon Amon (Ba ruhu)
ilə birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş
diski (şarı) başa düşülməlidir. Kiçik nursaçan isə ayın, yəni axirətdə günəş
Allahı Ra-Amonun yerinə keçən Mehdinin rəmzidir.Yaranışdan sonra kiçik nursaçan,
yəni ay Allahının obrazı - axirətədək göy aləmindəki Allahın beytində qalaraq
axirəti gözləmişdir.
İslamda, yaradılışının dördüncü günündə yaradılan
böyük və kiçik nursaçan - Məhəmməd peyğəmbər və imam Əliyə aid edilir. Hədislərə
görə, Məhəmməd peyğəmbər və Əli, Adəmdən əvvəl yaranmış “vahid işığın iki nuru”
olmuşlar. Bu İlahi nur, iki toxuma bölünmək, Mühəmməd və Əli şəxsiyyətində təcəssüm
etmək üçün müxtəlif dövrləri keçmişdir. Deyilənə görə, Mühəmməd peyğəmbər
bildirmişdir ki, “Mən və Əli, Adəmin yaradılmasından 14000 il əvvəl eyni nurdan
ibarət idik”, yaxud “Mən və Əli, Adəmin yaradılışından 40000 il əvvəl Allah
qarşısında nur olmuşuq”. Digər bir yazıda deyilir: “Adəmin dövründə Əli - Sif
olmuşdur… Əli eyni zamanda Simonun obrazında gəlmişdir”. Və yaxud “Qəbul et ki,
o Şimun əs-Safa olmuşdur, yəni o Simon-Petrdə, başqa cür desək əfsanəvi həvari
(əshabə) Petrdə təcəssüm etmişdir” (L.İ.Klimoviç “İslam” M, 1965, səh.144).
Bunlar o deməkdir ki, Bereşit rəmzindəki Şit (Sif) obraz elə axirətdə Ra günəş
Allahının yerinə gəlməli olan ay Allahı Əlinin obrazıdır.
Qədim mənbələrdə ay Allahı dedikdə - Harrandan
(Hü-Arran) olan Sin nəzərdə tutulur və o mənbələrdəki İl-Amurru (Əli -Əmir), yəni
mar-amoreylərin El Allahı ilə eyniləşdirilir. Bu mətnlərdə El-Amurru rəmzinə “Bel-Şad”
rəmzi də aid edilir və bu da Midiya şad-bəglərinin, yəni seyid-bəglərinin
Allahı mənasındadır. Şit rəmzi özü qədim Misirin suti/set, yəhudilərin isə
sad/şad rəmzi kimi Midiya mar-amoreylərinə, yəni miri-seyid bəglərinə aiddir.
Harranın (Arran) ay Allahına aid edilən "Sin" rəmzi, məşhur sufi Cabir ibn Həyyanın “Kitab əl-Məcid” traktatında axirətdə gözlənən İmamı bildirir. Tədqiqatçı Anri Korbenə görə, “Sin - qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi "səyyahlara" İmamın təmiz nurunu göstərənin obrazıdır”. Burada yetim - mürşidsiz qalan və buna baxmayaraq İlahı sirləri dərk edən anlamındadır. Qeyd etmək yerinə düşər ki, ba rəmzi ilə, yəni Rəhman Allahın ruhu ilə başlayan Quranın ən son hərfi də Sin-dir. Sin eyni zamanda Sina/Sion dağıdır və Midiyada bu dağ Süni, yəni Sünik kimi keçir ki, məhz burada müqəddəs atalar, beyt mənasında göydə "səhra" tikmişlər. Buradan isə belə nəticə çıxarmaq olar ki, axirətdə günəş Allahının yerinə gələcək ay Allahı Sin - Süni/Sina dağı ilə bağlı olacaq.
Bütün bunlar o deməkdir ki, əvvəldə (Bereşit) iki
obraz yaradılmışdır ki, bu da Ra günəş Allahının və Şit (Sif) ay Allahının
obrazlarıdır. Müqəddəs yazılanlara batini məntiqlə yanaşsaq, Tövrat - əvvələ, yəni
əvvəldə gələn və hər şeyi yaradan Ra-Amon Allahına (Alfa), Quran isə axıra, yəni
axirətdə gələcək Mehdiyə (Omeqa) həsr olunmuş kitabdır. Yaranışdan sonra ay
Allahının obrazı beytdə axirəti gözləmişdir ki, bu da nöqtə mənasında imam Əliyə
aid edilən ikinci ba ruhudur.
Fransız əsilli islam alimi Şeyx Mişel Valsana görə,
imam Əlinin dediyi - "Mən Ba-nın altında nöqtəyəm" fikri, Quranın Kəhf
surəsindəki (ayət 82) iki yetimə çatası xəzinə ilə bağlıdır və nöqtə elə bu xəzinədir
(Məqalə: "Ba'nın altındaki nokta" sayt:
https://www.google.com/amp/s/www.hurriyet.com.tr/amp/yazarlar/musa-dede/banin-altindaki-nokta-29763319).
Bu ayədə deyilir: "Divar isə o şəhərdə iki yetim gəncə aid idi. Və onun
altında onlara aid sərvət var idi. Ataları əməlisaleh olmuşdu. Rəbbin, onların
həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb
çıkarmalarını istədi".
Bu ayədə "şəhər" sözü "mədinət" rəmzi
ilə verilmişdir ki, bu rəmz Mədinə şəhəri mənasında mənbələrdə Mədinət əs-Salam
kimi keçir. Mədinə, Mədinət rəmzləri batini mənada Məd-Ane, Məd-Nut rəmzləridir
və "Ane (Gel) şəhərindəki Məd", "Nut göyündəki Məd" deməkdir.
Məd rəmzi isə həm Midiyanı və həm də onun göylərində yaradılmış Adəmi, yəni qədim
Misirin kosmik Atum Allahını bildirir. Deməli, buradakı şəhər - Atum Allahın,
Atum dünyasının yaradıldığı qədim Gel şəhəridir. Digər tərəfdən, Mədinət əs-Salam
rəmzi mənbələrdə Bağdad şəhərinin rəsmi adı kimi keçir. Qədim Misir mətnlərində
Bağdad rəmzi Bexdet kimi qeyd olunur və Teb, yəni Tuba (Mədinə) şəhərinə aid
edilir. Bu mətnlərdə Allah, Teb (TB) şəhərini, yəni göydəki beyti (BT) -
Bexdetli Qorun şəhəri adlandırır. Bexdet/Bağdad rəmzi isə tərikənin "Bəqa
səviyyəsində yaradılmış Duat aləmi" (Baqa-Duat) deməkdir. Buradan belə nəticə
çıxarmaq olar ki, ayədə qeyd olunan şəhərdəki divar - Allahın göydəki beyti ilə
yerdəki dünyanı ayıran divar mənasındadır.
Şeyx Mişel Valsanın - imam Əlinin dediyi "Mən
Ba-nın altında nöqtəyəm" kəlməsini divarın altındakı xəzinə ilə əlaqələndirməsi,
ba hərfinin yazılışı ilə də bağlıdır. Belə ki, başda gələndə ba rəmzi şaquli xətlə
başlayıb sola dönür ki, bu da divara () bənzəyir. Onun altındakı nöqtə də məhz divarın altındakı xəzinə mənasını
verir. Başqa sözlə, Ba-nın altındakı nöqtə, yəni xəzinə - iki dünyanın sərhədi
rolunu oynayan divarın altındadır.
Yazılanlardan belə çıxır ki, imam Əli mənasında olan nöqtə Bereşitdə, yəni "dünya"nın yaradılışının əvvəlində göydəki beytin (bet) içində qeyd olunursa, axirətdə bu nöqtə ba hərfinin altına düşür. Bunun səbəbini anlamaq üçün Allahın obrazları materiallaşdırmasının texnologiyasını bilmək vacibdir. Nöqtə, yəni Mehdi obrazı - Allahın əvvəlcədən müəyyənləşdirdiyi zühurdur ki, bu da Onun öz nəzarətində, iradəsi ilə həyata keçir. Batini-Quran kitabında biz göstərmişik ki, Allahın iradəsinin materiallaşması Lövhi Məhfuzda yazılanlara uyğun baş verir və bu yaradılış ardıcıllığı qədim Misir mənbələrində, neoplatonçu Plotində və Əl Qəzalidə eyni formada göstərilir.
Əl Qəzaliyə görə "dünya" üç hissədən, yəni üç
aləmdən ibarətdir ki, bu da göydəki mələküt aləmi, yerdəki aləm - mülk və mülkün
altındakı mağara - cəbərut aləmidir (Абу Хамид Ал-Газали «Воскрешение наук о вере» М.,80, стр.57, 213). Əl Qəzali bildirir ki, Allahın əmri mələkütlə
(göydəki beyt), əmrin ruhla təması, yəni obrazın materiallaşması cəbərut və
orada olan lövhi məhfuzla, materiallaşmanın həyata keçməsi isə mülklə bağlıdır Sadə
dildə biz bu yaradılışları belə ifadə edə bilərik:
Allah dünyanı yaradanda iki obraz yaratmışdır ki bu da
əvvəldə gələn günəş Allahı obrazı və axirətdə onun yerinə keçəcək ay Allahı
obrazıdır. Axirətə qədər dünyanı günəş Allahı, yəni hər şeyi yaradan Ra-Amon/Rəhman
Allah özü idarə edir. Bu zaman ay obrazı beytdə axirətə qədər qalır. Axirətdə günəş
Allahı öz taxtını ay Allahına vermək üçün bu obrazı materiallaşdırır və canlı
insana çevirir. Bu zaman beytdə olan ay obrazı (Ba nöqtəsi), mülkün altındakı cəbərut
aləminə "enir" və buradakı ruhla birləşir. Materiallaşma isə mülkdə
baş tutur ki, bu mülkü Allah özü qoruyur.
Mülk (MLK) rəmzi mənbələrdə eyni mənalı məmalik (MMLK)
kimi də yazılır ki, bu da batinilərdə həm malik və həm də onun mülkü kimi
oxunur. Mənbələrdə Allahın qoruduğu mülkü – “Məmaliki Məhruseyi Qacar”, yəni
Qacarların qorunan mülkü kimi keçir. Numizmatika nümunələrində Allahın mülkü -
"MülkəHu" kimi qeyd olunur və Qacarların da daxil olduğu Cəlairilərə,
yəni Gelarkünün Alban şahlarına aid edilərək “Xəllədə Mülkəhu”, “Xəllədullah
Mülkəhu” kimi yazılır. Xəllədə rəmzi digər mənbələrdə - Babil qülləsinin
tikildiyi Xaldeya, Azərbaycan Atabəglər Ailəsinin Xelat eli, Qurandakı Xüld cənnəti
və s. kimi də qeyd olunur.
Bütün bunlar o deməkdir ki, imam Əlinin özünü adlandırdığı “Ba-nın altındakı nöqtə” - Allahın mülkünün altındakı cəbərut aləmindədir. Bu aləm mənbələrdə Sokaris, yəni İlahi odun qorunduğu Arsak mağarası, Qades, Aid, Kerti və s. ölüm şahlığı adlanır. Mənbələrə görə bu mağarada yəhudilərin müqəddəs saydığı Əhd sandığı qorunur. Mağara özü də bağlı qutu kimi olduğu üçün mənbələrdə Nuhun sandığı-gəmisi, Musanın səbəti, Osiris tabutu və s. kimi də rəmzləndirilir. Bu sandıqda isə ilkin materiya, yəni sufilərin Hü adlandırdığı İlah, İlahi od, dirilik suyu, həyat enerjisi və s. qorunur.
İlkin materiya elə bir substansiyadır ki, onunla vəhdətə
nail olan, yaradılışın bütün sirlərini dərk edir və bu haqda biz yazmışıq. İbn
Sina “Biliklər kitabı”nda bildirir ki, insan bu vəhdət zamanı bir saat ərzində
bütün elmləri ardıcıl – başdan sona qədər dərk edə bilir. Əl Qəzaliyə görə
sufilər bu vəziyyətdə hətta ulduzlar arasındaki məsafəni də ölçə bilirdilər. Bu
isə o deməkdir ki, bütün elmlərin mahiyyəti və məcmusu ilkin materiyadadır.
İmam Əlinin dediyi "elm bir nöqtə idi" deyimi də məhz ilkin
materiyaya və onun qorunduğu Əhd sandığına aiddir. Sufilər ekstatik durumda
nurlanma vəziyyətinə düşür və ilkin materiyadan informasiya alaraq, istədikləri
canlını yarada bilirdilər. Əl Qəzali irsinin araşdırıcısı R. Nikolson bu səviyyəli
sufi pirləri haqqında yazır: “Vəli, yəni müqəddəs - Kamil İnsanın (Adəmin) kütləvi
tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər
kultu kimi “birdən görmə”, “görülməyən və başa düşülməyən şeyləri görmə”, “hər
şeyin aydınlaşması” və s.-dən başqa bir şey deyildir”. Deməli, peyğəmbərlər nəsli
- ekstatik vəziyyətdə Allahdan və ya ilkin materiyadan informasiya ala bilən
müqəddəslərdir. Mühiddin ibn Ərəbi Tərikənin bu səviyyəsini - Süleyman pilləsi
adlandırır və bildirir ki, bu pillə Məhəmməd peyğəmbərin xalqına verilmişdir və
ona görə də heç bir xalq onun xalqından üstün ola bilməz. Quran bu Süleyman
pilləsini - Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlandırır. Belə
çıxır ki, imam Əlinin "nöqtə" adlandırdığı kamil elm ən qədimdə Azəri
seyid-bəglərinə verilmişdi və sonradan cahillər onu çoxaltdılar. Allah da “dünya”nı
məhz bu kamil elmlə yaratmışdı.Yazılanlara görə, axirətdə Ba-nın, yəni beytin
altındakı bu "nöqtə" (elm), cəbərutun açılması ilə Azər oğullarına
qayıdacaq. Bundan sonra isə elm birdən-birə 14 dəfə artıq inkişaf edərək ən son
- kamil vəziyyətinə gələcək. Daha heç bir inkişaf olmayacaq.
Quranda cəbərutun açılması - Nuhun sandıq-gəmisinin
lövbər salması kimi rəmzləndirilmişdir: “Onlar səndən, “Nə zaman lövbər salacaq”
deyə qiyamət vaxtını soruşacaqlar? De ki: “Bu haqda bilgi mənim Rəbbimdədir, öz
vaxtında O, Onu açacaq. O göydə və yerdə çox ağır bir işdir. O sizə birdən gələcək”
(Quran, 7:187). Digər yerdə “lövbər salacaq gəmi” əvəzində Musa və Harun ailəsindən
qalan bir sandığın gəlməsi göstərilir: “Peyğəmbərlər onlara: Onun
hökmdarlığının əlaməti, içində sizlərə Rəbbinin mövcudluğu və Musa ilə Harun
ailəsinin saxladığından qalan bir sandığın gəlməsi olacaqdır. Onu mələklər gətirəcəklər”
(Quran, 2:248). Xəzər yəhudilərinin məşhur "Xəzər məktubları"na görə,
Musa ilə Harun ailəsinin sandığı, Allahın yarağları və digər müqəddəs əşyalar
Ərdəbil ətrafında bir yerdə qorunur. Bu yer isə Xelat/Xaldeya, yəni Babil qülləsinin
tikildiyi yerdir və sandıq, müqəddəs əşyalar da, Süleyman məbədi kimi
tanıdığımız bu tikilinin içindəki 62 metrlik qızıl qüllədə qorunur. Qurana görə
bütün bu sərvət axirətdə iki yetimə çatacaqdır.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий