Aşuranın ağlasığmaz sirləri
Aşura mərasimi imam Hüseyn və əshabələrinin şəhid olması ilə bağlı keçirilən təziyə mərasimidir ki, ona Hüseynin mərasimi də deyirlər. Bu mərasimdə müsəlmanlar, min dörd yüz il əvvəl öldürülmüş adi insan olan ərəblər üçün bədənlərinə ağır xəsarətlər yetirib ağı deyirlər.
Dərindən düşünmə qabiliyyəti və məntiqi olan insan anlayar ki, adi adamların ölümünə görə insanlar min ildən artıq bu miqyasda mərasim keçirməzlər. Deməli, bu mərasim haqqında həqiqətləri bilmək üçün daha qədimdəki bənzər mərasimlər öyrənilməlidir.
İmam Hüseynin ləqəbi - "Allahın qanı" mənasını verən Sarallah olmuşdur ki, bu da Hüseynin tökülən qanının Allahla bağlılığı deməkdir. Batıni mənada Sarallah rəmzi Asar-Allah, yəni qədim Misirin Osiris Allahı anlamındadır. Aşura rəmzi də batini mənada Aşşur, Assur, Asar, yəni Osiris deməkdir.
Deməli, əgər biz Aşura haqqında həqiqəti bilmək istəyiriksə, mütləq Asar, Osiris Allahı haqqında məlumatları da araşdırmalıyıq.
Məlumdur ki, imam Hüseyn 72 əshabəsi ilə şəhid olmuşdur ki, buradakı 72 rəmzi qədim Misirlə bağlıdır. Belə ki, rəvayətə görə dünyaya hakim kimi gəlmiş Osiris Allahını, qardaşı Set paxıllıq edib, öz 72 dostu ilə qətlə yetirir. Əgər Aşurada 72 rəmzi ölənlərə aiddirsə, qədim rəvayətdə bu rəmz öldürənlərə aid edilir. Məşhur misirşünas alim Erdmanın fikrincə Hüseynin mərasimi – qədimdə Tammuz, Ta-uz şəbihi ilə əlaqədar keçirilən mərasimlə eynidir. Bu mərasim qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilirdi və mənbələrdə Tammuz, Osiris, Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi mərasimi adlanırdı.
Müsəlmanlarda matəm günü olan Aşura axşamı, yəni məhərrəm ayının 9-cu günü Tasua/Tasus adlanır ki, bu da Ta-uz adına, yəni Tammuz mərasiminin adına çox uyğun gəlir. Bu matəm mərasimindəki ağlaşma Təziyə adlanır və bu da Ta-uz simvolu ilə eynidir. Belə çıxır ki, Aşura mərasimi adi insanın ölümü ilə yox, bilavasitə ölüb-dirilən Allahla bağlı mərasimdir. Xristian mətnlərdən olan ”Yanıçarın yazıları”na görə, Məhəmməd peyğəmbər də öləndən sonra dirilmişdir.
Mətndə qeyd olunur ki, Məhəmməd peyğəmbər ölənə yaxın öz ardıcıllarını yanına çağırıb demişdi: “Mənə dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun... Mənim İmam Əlimə qulaq asaraq dəfnimi Mədinədə edin. Axirətdə mən qalxacağam və böyük şadyanalıq olacaq”. Digər yazılarda da peyğəmbərimiz yaxınlarına - "Mənimlə hovuz başında görüşənədək dözün" demişdi.
Bunlar o deməkdir ki, peyğəmbərimiz də ölüb-dirilən Allahın obrazıdır. Qədim folklorun tədqiqatçısı C. Frezerin yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilən Tammuz, Adonis, Attis və s. Allahların ölüb-dirilməsi mərasimləri eynidir. Öz köklərini qədim Misirdə keçirilən "Osiris Allahının ölüb-dirilməsi" mərasimindən götürən bu mərasim sonralar xristianlıqda İsanın ölüb-dirilməsi kimi qalmışdır.
Finikiya ibadətgahı olan Biblosun Astartasında Adonisin ölümü hər il xüsusi mərasimlə keçirilirdi. Bu zaman insanlar ah-zar edir, öz sinələrinə döyür və inanırdılar ki, növbəti gün İlahi Adonis həyata qayıdacaq və hamının gözü qarşısında ərşə yüksələcək. Kibela və Attisin böyük yaz bayramının Roma, Friqiya variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha gətirilir. Onu müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23 martda əsasən nəfəs alətləri çalınırdı. "Qanlı" üçüncü gün baş kahin öz venasını kəsir, aşağı təbəqəli kahinlər isə baraban və digər alətlərin qarışıq səslərinin müşayəti ilə başlarını əsdirərək dağınıq saçla, ağrı hissiyatını itirib quduzluq halına gələnə qədər fırlanırdılar. Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni mərasimi Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri özlərini axtalayır və bədən üzvünü İlahə heykəlinin altına atırdı. Daha sonra isə onu yerdə basdırırdı ki, Attis Allahı qayıtsın. Baraban və qışqırıq səsilə axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və ekstaz halına gəlirdilər. Qədim şərqin ən populyar yeri olan İerapolisdə, Astartanın məbədgahında keçirilən bu tip mərasimlərə varlılar Assuriya, Babil, Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi. Kiçik Asiyada ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və s. Allahların bu bayramı Gilar bayramı adlanırdı.
Bütün bunlar o deməkdir ki, Aşura mərasimi qədim Misirdə Asar, Osiris adlanan Azər Allahının ölüb-dirilməsinin mərasimidir. Bu mərasimi Azər oğullarının xüsusi keçirməsi də bu mərasimin bilavasitə Azəri müqəddəsləri olan pir-bəglər, seyid-şıxlarla bağlı mərasim olması deməkdir.
Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий