Oxuduğumuz Quran - həqiqi Quran deyil!

     Sufi müdrikləri Quran dedikdə indi oxuduğumuz Quran kitabını yox, lövhi-məhfuzu və marifətullahı bilən insanları nəzərdə tuturdular. Məşhur sufi alimi Əl-Əşariyə görə həqiqi Quran mühafizə olunan lövhədədir. Lakin o eyni zamanda bilik verilmiş insanların ürəklərindədir. Ürəklərinə bilik verilmiş insanlar İslamda "danışan Quran" adlanır. "Danışan Quran" ləqəbi adətən ilk ümmətə və 14 məsuma aid edilir. Quranda İlk ümmət dedikdə, qədim Misir mənbələrindəki Qor Allahının yolu ilə gedib (Şəmsu Qor), cənnətdə ikinci həyat qazanan firon-pirlər nəsli nəzərdə tutulur. İslamda Qor yolu ilə gedən bu peyğəmbərlər nəsli kari (kurra) kimi məlumdur. Başqa sözlə, ürəklərinə bilik verilmiş "danışan Quran"lar - Qor Allahının yolu ilə gedən karilərdir və Quran, yəni Qərəə də Qor deməkdir.

Əhdi-Ətiqdə Qor-karilər aqarlılar adlanır ki, "aqarlı" dedikdə İbrahim peyğəmbərin arvadı Həcərdən törənənlər nəzərdə tutulur. Deməli, Qor yolu ilə gedən aqarlılar - Həcər oğlu İsmailin nəslidir. Qor/Aqar, yəni Həcər adının mənbələrdə Qacar kimi yazılmasını nəzərə alsaq, razılaşarıq ki, qədim Misirin Qor Allahının yolu ilə gedən ismaililər elə Azərbaycanın Qacar şahları nəslidir. Tövratda ismaililərin vətəni Gelat eli sayılır ki, qədim Misir mənbələrinə görə Allah "dünya"nı məhz bu Gel şəhərində yaratmışdır. Ərəb mənbələrində bu Gel eli Allahın Mülkü (Mülkə-Hu) adlanır. Alban mənbələrində bu el - Alban Ərənşahlarının Gelarküni yurdu kimi keçir və buranın digər adı isə Qarnidir. Sufi məntiqində Qarni rəmzi Quran kimi də oxunur ki, əsl Quran da qeyd etdiyimiz kimi lövhi-məhfuzdadır. Sufilər lövhi-məhfuz dedikdə, dünyanın yaradılmasından başlayaraq, onun tarixinin yazıldığı və günəş şəhəri olan Sipparın altındakı mağarada gizlədilmiş rəmziəri nəzərdə tuturlar. Alban mətnlərinə görə, məhz Qarnidə yeraltı böyük mağara yaradılmışdır. Əgər biz Gelat ismaililərinin "danışan Quran" adlanmasını nəzərə alsaq, lövhi-məhfuzun onların Qarni elindəki mağarada qorunduğu qənaətinə gələrik. Burada qorunan lövhəyə və Əhd sandığına görə, mağaranın yerləşdiyi Qacar şahlarının bütün məmləkəti mənbələrdə "Məmaliki məhruseyi Qacar", yəni Qacar şahlarının qorunan mülkü, məmləkəti adlanırdı.
Qacar-Həcər, yəni Aqar-Qor nəsli İlahla vəhdətdən yarandığı üçün ana adı ilə adlanır. Başqa sözlə, qədim mənbələrdə Allahın Özünə qulluq üçün seçdiyi əsil yəhudilər, yəni xudalar nəsli məhz ismaililərin Qacar şahları nəslidir. Mənbələrdə İran şahlarının xaldey adlanması da onların Xelat, yəni Gelat Atabəgləri olması ilə bağlıdır. Slavyanlar Gelat elini Kolyada adlandırırdılar ki, mənbələrə görə onların son Allahı məhz Kolyadadan olacaqdır.
İsmailiyə fəlsəfəsində "danışan Quran" adlanan ariflər 7 natiq və 7 samitlərdən ibarətdir ki, burada 7-ci natiq axirətdə gələcək Mehdi mənasındadır. Ümumiyyətlə bilmək lazımdır ki, İsmailiyə fəlsəfəsində peyğəmbər yoxdur, yalnız Allahın batini sirlərini bilən natiq vardır. Natiq - kosmik ağılın insan formasında, yəni ismaili Qacarlar nəslində təzahürüdür. Sufilərə görə Mehdi məhz İsmail nəslində zühur edəcəkdir və onda əvvəlki nəslin bilikləri olacaqdır. Onun gəlişinin əsas mahiyyəti - islamın zahiri mənalarını ləvğ etmək və batini həqiqətləri tam açmaqdır. Onun hesabına din və qanunlar təkmilləşəcəkdir. O özlüyündə Allaha birbaşa yol və onun qırılmaz kəndiridir. Yalnız bu kəndirdən tutanlar axirətdə xilas olacaqlar.
İsmailiyə fəlsəfəsində sonuncu natiq olan Mehdi - imam Əlidir və o İlahla vəhdətdən yarandığı üçün, onu Əli-İlahi də adlandırırlar. Allah - imam Əli simasında zühur etmişdir ki, öz Quranını yaysın. Lakin bu Quran Məhəmməd peyğəmbər vasitəsi ilə xalqa verilən Quran deyil, başqadır, xüsusidir və içindəkilər yalnız insanları düz yola gətirmək üçün çox az şeyx və dərvişlərə məlum olmuşdur. 
Musəvi və xristianlarda şiələrin imamı Əli - İliya kimi qeyd olunur ki, sufizmdə İliya (Eliya) rəmzi "Ya-Əli" deməkdir. İliya axirətdə zühur edərək, gələcək kosmik islahatın peyğəmbəri hesab olunur. Masonların inamına görə, İliya-Usta, yəni natiq Əli, min il əvvəl itirilmiş qədim Misir fəlsəfəsinin əsil kimyagər sehirbazlığını bərpa edəcəkdir. Məşhur kimyagər-filosof Paraselsə görə, dünyanın bütün sirləri İlya-Ustanın gəlişindən sonra açılacaqdır.
Qədim mənbələrdə yəhudilər kimi qeyd olunan Xəzər Türk bəgləri, şiələrin imamını Yeşua, yəni Ya-Şiə adlandırırdılar ki, bu da xristianların İsa Allahıdır. Xristianlara görə İsa-Xrist (İisus Xristos) həqiq nur və həyatın günəşidir. O günəş kimi, bədənin gözünə nur vermək üçün çıxır və hər bir ağılı və ürəyi işıqlandırır. Xristian mətnlərinə görə yalnız İsa ilə yaşayanlar axirətdə xilas olacaqlar. İsanın Xrist adlanması da onun Qor-set, yəni Qor yolu ilə gedən seyid olması deməkdir. Ərəb mənbələrində Qor yolu ilə gedən bu seyid - baqiətullah, yəni bəg-ayətullah adlanır. Baqiətullah - sufizmin tərikə yolu ilə gedib, bəqa fazasına ucalan və İlahla vəhdətə nail olan bəglərə deyilir. Mənbələrdə məhz bu bəglər Xelat Atabəgləri kimi qeyd olunurlar.  Onlar sufizmin bəqa fazasında, yəni bəglik məqamında göydə Xüld cənnəti yaratmışlar. Qor yolu ilə gedən möminlər də onların bu cənnətinə düşüb, ikinci həyat qazanma xoşbəxtliyini yaşayırlar.
Ən qədim mənbələrdə Qor yolu ilə gedən Osiris fironlarının, yəni Azəri pirlərinin Xüld cənnəti - Alban ölkəsi adlanır. Sufi-batinilərdə Alban rəmzi Nəbi-Eli kimi oxunur ki, bu da peyğəmbərlər eli deməkdir. Alban mənbələrində bu el - Alu kimi də qeyd olunur və bu da imam Əli mənasındadır. Sufizmdə "imam" rəmzi ümmə, yəni ilk ümmət deməkdir. Tövratda bu ümmət "am" kimi keçir və ilk yaradılmış xudalar nəslinə aid edilir. Başqa sözlə, sufilər imam Əli dedikdə, Azəri pirlərinin insan formasında göydə yaratdığı eli, vilayəti, yəni cənnəti nəzərdə tuturlar. Bu Əli (Alu) vilayətinin "sakinləri" isə ölümsüz xudalar, pir-bəglər, seyid-şıxlar nəslinin ruhları, yəni şiələridir.
Alban mənbələrinə görə, Alban ölkəsi, yəni Alu (Əli) vilayəti - Allah tərəfindən Gelarküni nəslindən bir nəfərə vəd olunmuşdur. Bu bir nəfər öləndən sonra, onun ruhu Qor Allahının yolu ilə gedərək, göydəki vilayətin ruhuna çevriləcəkdir. Xristian mənbələri bu şiəni, yəni ruhu (İsanı) - odlu arabada göyə diri aparılan İliya adlandırır.
Bütün bunlar o deməkdir ki, sufi arifləri Quran dedikdə Məhəmməd peyğəmbərin Quran kitabını yox, Qarni mağarasında qorunan lövhəni və axirətdə gələcək İsmaili natiqini nəzərdə tuturlar.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
10.05.2023

Комментарии

Популярные сообщения из этого блога

Тайна святого языка Азери

Человека сотворили Хазарские беки - Элохимы

Кто такой Бог? - простыми словами