Allahını tanımayan, Ondan şikayətlənməməlidir
Bu gün insanlar zəlzələlərə görə Allaha inamsızlığını bildirməyə başlamışlar. Əvvəla bilmək lazımdır ki, zəlzələni Allah yox, yerin təkindəki təbii proseslər yaradır və bu da İlaha aiddir. Allah olacaq bu hadisələri öz seçilmişləri vasitəsi ilə əvvəlcədən xəbər verə bilərdi. Lakin mən o narazı xalqdan soruşuram: Məgər biz Allahımızı tanıyırıqmı? Allahın kimliyini, Onun İlahla fərqini anlayırıqmı? Biz Allahın necəliyini bilmədən, kimdən və ya nədən şikayət edirik? Biz Allahın insanı necə yaratdığını, onun cənnətdə ikinci həyat qazanması üçün nə qədər işlər gördüyünü bilirikmi? Xeyir, biz Allahımız haqqında heç nə bilmirik. Biz - islam, müsəvilik, xristianlıq, buddizm və s. adlı bütlər düzəldib, mənalarını dərk etmədən onlara sitayiş edirik. Biz öz aramızdan marifətsiz, hikmətsiz insanları din xadimləri seçib onlara qulaq asırıq və həqiqəti axtarmırıq. Məntiqlə biz etirazımızı yalnız o avam "din xadimlərinə" bildirməliyik. Allahını tanımayan insanın Allahdan şikayəti gülüncdür. Əvvəlcə Allahımızı tanıyaq, sonra Ondan şikayət edək.
Allah, Özünü insanlara tanıtmaq üçün pirlər nəslini seçib, onlara elm, hikmət vermişdir. Bizim pir-bəglər, seyid-şıxlar nəsli adlandırdığımız bu seçilmişlər qədimdə Allah haqqında bütün sirləri bilir və insanların öləndən sonra ruhlarının cənnətə düşmələrinin yolunu öyrədirdi. Lakin zaman keçdikcə insanlar "təşəbbüsü" ələ alıb, öz istədiklərini din rəhbəri seçdilər və o gündən də cənnətdən qovuldular.
Allahın seçdiyi pirlər, min illər insanlara kömək edib, Allahın onlara verdiyi nurla onlara xoşbəxt həyat bəxş edirdilər. Olacaq hadisələri əvvəldən bilən, lazımi vaxt yağış, qar yağdıran, xəstələrə şəfa verən, söz və fikirlərilə təbiətə təsir edən Allahın seçdiyi pirləri adi insanlara dəyişən xalq Allahdan şikayətlənməməlidir. Nə qədər ki, biz elmi-billaha, marifətullaha, hikmətə qayıtmayacağıq və Allahımızı tanımayacağıq, Allahdan kömək gözləməməliyik. Biz Allahımıza dönəcəyi gün Allah bizi bağışlayıb, yenidən bizlərə xoşbəxt həyat bəxş edəcəkdir.
Firudin Gilar Bəg
13.02.2023
Комментарии
Отправить комментарий