Marifətullahı bilməyən - Allahını tanımayan kafirdir!
(Son variant)
Marifətullah - Allahının kimliyini, necəliyini bilməkdir. Bu gün heç bir din alimi, ilahiyyatçı Allahını tanımır, Onun necəliyini bilmir. Quranın Nur surəsinin Mişkat adlanan 35-ci ayətində deyilir: "Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxça kimidir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. Çıraq şərqə və ya qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Nur içində nur. Allah dilədiyini Öz nuruna yönəldir".
Bu gün heç bir din alimi, ilahiyyatçı bu ayətin izahını verə bilmir. Çünki bu ayət çox dərin batini mənalara malikdir. Başqa sözlə, bu günkü ilahiyyatçı alimlər Allahını tanımayan, Onun necəliyini bilməyən cahillərdir. Əsl ibadət isə - ibadət edilənin bilinməsi, tanınmasıdır. Bilinməyənə, tanınmayana ibadət edilməz. Deməli, marifətsiz ibadət - təbiətə, cisimlərə ibadət kimi mənasız işdir. Çünki, cənnəti təbiət cisimlər yox, Rəhman Allah Öz Böyük zəhməti ilə yaratmışdır. Yaradıcının kimliyini tanımayan, hansı əsasla onun cənnətində yer istəyə bilər? Təsəvvür edin ki, kimsə gəlib, tanımadığı bir Kişinin şəxsi mülkündə öz ikinci həyatını davam etdirmək üçün yer, qida, şərait istəyir. O Kişinin isə sənə borcu yoxdur. Əksinə, səni O yaratdığı üçün sənin O Ali İlahi Şəxsiyyətə borcun var. Cənnəti qədim Misir fironu sayılan pir Amon yaratmışdır və mən bu haqda Batini-Quran və digər kitablarımda və çoxsaylı məqalələrimdə yazmışam. Qədim Misirin "Ölülər kitabı"na görə, insan öləndə, onun ruhu cənnətin qapısındakı Amenti zalına düşür və buradakı Böyük Allahla birlikdə 42 hakim qarşısında sorğu-suala çəkilir. Ölən insanın Allaha ilk sözü bu olur ki, "Mən Səni tanıyıram, mən Sənin və 42 hakimin adlarını bilirəm". Bu sorğu-sualdan sonra Allah və hakimlər - ölən möminin ruhunun Allahın cənnətində yer almasına icazə verir. Cənnətin Amenti zalındakı bu sorğu-sual İslamda İmanın kökləri və təməli mənasında Aməntü adlanır və altı əsas prinsipdən ibarətdir: Allahdan başqa məbud yoxdur, Məhəmməd Allahın peyğəmbəridir, Allahın mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirətə, xeyirlə şərə inam və s. vacibdir. Göründüyü kimi İslam, Marifətullahı avam insanlar üçün ümumiləşdirib ki, bu da 42 hakimin qarşısındakı suallara cavab vermir. Məhz bu mənada peyğəmbərimizə görə, müsəlmanlar cənnətə düşə bilmir. Peyğəmbərimiz buyurmuşdur: "Yəhudilər yetmiş bir təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç təriqətə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir". Cənnətə düşən yeganə möminlər isə, ilk insanların varisləri olan Azəri pir-bəglər, seyid-şıxlar nəslinin nümayəndələridir ki, onlar öləndə, ruhları birbaşa 42 hakimin qarşısına düşür. Mənim bu haqda internet səhifələrində "Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır" adlı məqaləm var.
Bütün bunlar o deməkdir ki, Marifətsiz İslam dini mənasız ibadətdən başqa bir şey deyildir. İnsanlar Marifəti unudan gün, Adəm cənnətdən qovuldu və bu gün heç bir mömin cənnətə düşmür. Marifət sahibləri Qurandakı - "Mən cinləri və insanları ancaq mənə ibadət etmələri üçün yaratdım" cümləsinin "ibadət etsinlər" ifadəsini - "məni tanısınlar" kimi yorumlayırlar. Allahı tanımaq isə, Onun adlarının batini mənalarını bilmək, Onun Beytullahına, əhli-beytinə və əhli beytin elminə inam mənalarındadır.
Bütün bunlarla onu demək istəyirəm ki, Marifətullahı bilməyən - Allahını tanımayan kafirdir. Nə qədər ki, insanlar, onları yaradan Allahı tanımayacaqlar, cənnətə ümüd etməməlidirlər. Marifətullahı bilmək istəyənlər üçün, mənim sosial şəbəkələrdə, o cümlədən Tiktokda "Allah və Marifətullahın ağlasığmaz sirləri" adlı məqaləm var. Buyurun oxuyun, əsl İslamı cahil din alimlərindən, ilahiyyatçılardan yox, sufi alimlərindən öyrənin.
Firudin Gilar Bəg
Sufi-batin alimi
Комментарии
Отправить комментарий