Sufi məntiqində Meyxana səviyyəsi

      Meyxana - bədahətən söz demək istedadı, hazırcavablıq və ağıl tələb edən janrdır. Bu janrın kökünü və əsl mahiyyətini anlamaq üçün əvvəlcə onun qədimliyinə, geniş yayılma arealına fikir vermək lazımdır.

Bədahətən şeir həm ərəb, həm də fars ədəbi mühitlərində ən yüksək sənətkar ölçülərindən biri olmuşdur. Deyilənə görə İranın şah saraylarında belə yarışmalar keçirilirmiş. Klassik ərəb ədəbiyyatında meyxanaya bənzər janr "münazirə" adlanır ki, bu zaman söz yarışının birinci nümayəndəsi, özünün, nəslinin qəhrəmanlıqlarını, əsil-nəcabəti və s. üstünlükləri ilə poetik dildə fəxr edir (müfaaxirə). Əks tərəfi isə aşağalayır ki, bu da hica adlanır. İki şair şeirlə bir-birinə üstünlüklərini qafiyə, məntiq və söz oyunu vasitəsilə sübut etməyə çalışırlar. Belə söz ustadlarından biri Əl-Mütənəbbi (915-965) sayılırdı ki, onun haqqında - "o rahatca yatar, qafiyələr onun kipriklərindən süzülərdi" deyirdilər. 

Bənzər janr Yunan və Roma mənbələrindən də məlumdur. Kipr yunanlarında bu "tsiattista" adlanırdı ki, bu zaman İki nəfər növbə ilə bədahətən şeir deyərək bir-birini "bağlamağa" çalışırdı. Bu, ənənəvi olaraq kişi məclislərində keçirilirdi.

Basklarda meyxana janrına uyğun söz deyişməsi - "bertsolaritza" adlanırdı və bu haqda XV əsr yazılarında qeydlər var. İki və ya daha çox bertsolari (şair) məclisdə və ya yarışda bədahətən şeir deyir, seçilmiş qafiyəyə uyğun cavablar verirdilər. Bu şeirlər adətən müəyyən bir melodiya ilə, lakin musiqi aləti müşayiəti olmadan, sadəcə səsli şəkildə ifa olunurdu. Mövzular isə fəlsəfi suallardan tutmuş, gündəlik zarafatlara və ya kəskin ictimai tənqidə qədər hər şey ola bilərdi.

Şotlandiya və Skandinav ərazilərdə bu günkü meyxanaya çox bənzər söz deyişməsi "flyting" adlanırdı. Bu söz döyüşü - şeir formasında qarşılıqlı təhqir və lovğalanma yarışı sayılırdı. İştirakçılar növbə ilə bir-birlərini şeirlə, kəskin bənzətmələrlə, hətta bəzən təhqirlərlə hədəf alırdılar. Skandinaviya və Orkney adaları sagalarında flyting qəhrəmanlarının söz yarışması bəzən duel kimi təsvir edilirdi. Bu yarışmaların ən məşhuru XIII əsrə aid “Beovulf” dastanında Unfert və Beovulf arasındakı kəlmə döyüşü sayılırdı. Bu isə artıq o deməkdir ki, meyxana tipli janrın kökü sadəcə iki söz ustasının deyil, qədim rəvayətlərin qəhrəmanlarının mübarizəsinin təqlidi olmuşdur. Bizlərdə bu təqlid aşıq deyişmələrindəki dastanlarımızı xatırladır. Aşıqlar - Koroğlu, Aşıq Qərib, Əsli və Kərəm və s. dastanlarındakı qəhrəmanları qarşı qarşıya qoyub, onların sözlərini, fikirlərini, əməllərini və s. sual-cavabla söz yarışmasına çıxarırlar. Belə çıxır ki, meyxananın kökü - qədim abidələrin əsl mahiyyətinin "söz güləşməsi" vasitəsi ilə insanlara çatdırmaq olmuşdur. Bu isə artıq sufilərin - qədim yazıların gizli, yəni batini mənalarını avam insanlara söz yarışması ilə anlatmaq deməkdir. Bunu daha yaxşı anlamaq üçün sufi məntiqinin kökünə nəzər salıb, heç kimin bilmədiyi qədim sirlərə aydınlıq gətirmək istərdim.

Sufi sözü Tövratdakı ilk insanların vahid "səfa" dili mənasındadır. Şərqdən gəlmiş bu ilk varlıqlar Xaldeyada, yəni Azərbaycan Atabəglər Ailəsinin Xelat elində əvvəlcə adi insanları, onların vasitəsilə isə Babil qülləsini tikdilər və onun göylərində cənnət yaratdılar. "Allahın qapısı" mənasını verən bu qüllə əslində göydə yaradılmış cənnətin, ruhlar dünyasının qapısı anlamındadır. Bu qüllə tikildikdən sonra Allah bu Göy insanlarının vahid səfa dilindən 70 dil yaradıb, insanları dünyaya səpələdi ki, Xelat-Xaldeyada yaradılmış Babil qülləsinin əsl mahiyyəti adi insanlar üçün sirr qalsın. Bundan sonra bütün abidələr ikili mənada, yəni adi insanlar üçün hərfi mənada, Göy insanları üçünsə batini mənada yazıldı. Bütün yazıların batini mənaları da məhz Allaha, onun yaratdıqlarına və Göy insanları nəslinə aid edildi. Kabbalada bu batini mənalar 4 səviyyədən ibarət Pardes, yəni cənnət adlanır ki, onu yalnız Göy türklərinin nəsli bilirdi. Başqa sözlə, qədim yazıların batini mənalarını bilənlər cənnət əhli, kamil insan sayılırdı. Meyxana və bu tip janrların da qədimdə əsil mahiyyəti tərəflərin bir biri ilə İlahi sirlərdən xəbərdar olmalarını, sufi məntiqi ilə desək kamil və ya cahil insan olmalarını üzə çıxarmaq olmuşdur.

Nəsiminin "Nədir" qəzəli bu haqda ümumi təsəvvür yaradır:

"Doqquz ata, yedi ana, dörd dayədən ver xəbər,

Du çəharü pəncü şeşin saqi, binasi nədir?

Yedi yer gög, yedi dərya, yedi ayət, yedi xət,

Yedi müshəf, Musaya, çün yedi bəyzası nədir?

Bu bağlamada dörd ünsürdən yeddi zaman sürəsinə yaradılmış doqquz hissədən ibarət Adəmdən danışılır ki, qədim Misir fəlsəfəsində bu Kamil İnsan - Atum və ya Osiris Allahı adlanır. İslamın da Allah, yəni İlahdan yaradılmış El - El-İlah sözü bu kosmik varlıq mənasındadır. Bənzər məntiqə Aşıq Ələsgərin bağlamalarında da rast gəlinir:

"Yerin, göyün, ərşin, kürsün, insanın

Künhü, bünövrəsi ay nədən oldu?

Yeri göydən, göyü yerdən kim seçdi?

Hikmətin dəryası ay nədən oldu?"

 Əgər Nəsiminin bu bağlaması əvvəldə gəlmiş və bütün bəşəriyyəti yaratmış Azəri pirlərinin banisi Bəkdüz Əman (qədim Misirin Amon Allahı) ilə bağlıdırsa, aşıq Ələsgərin bu bağlaması axirətdə gələcək Mehdini nəzərdə tutur. Başqa sözlə, meyxana və aşıq deyişməsi janrı - çox qədim zamanlardan gələn, insanı düşündürməyi, onun yaradılışının sirlərini xüsusi üslubda adi insanlara çatdırmaq yoludur. Sufi fəlsəfəsinin məqsədi budur. Çünki onlar, yaradılışının sirlərini bilməyən insanları cahil insan, bilmədiyini bilməyib, bilən kimi danışanları isə heyvani insan adlandırırdılar. Sufilərdə söz - ağıl qüvvəsinin göstəricisidir ki, onu insan beyninə, Azəri pirlərinin əcdadı Bəkdüz Əman, ilkin materiyanın düşünən hissəsi olan "fəal ağıldan" axıtmışdı və bu haqda mən "Batini-Quran" kitabımda geniş yazmışam. Ona görə də sufilər mahnının sözlərini, yəni insanı düşündürən hissəsini əsas sayırdılar. Onlar üçün musiqi - kosmosun, xaosun təbii səsi və bu xaosdan Bəkdüz Əmanın yaratdığı Kamil İnsanın harmoniyasının səsidir. Simfoniya bu harmoniyanın ən ali nümunəsidir. Buna görə də simfoniya keçmiş zadəganların musiqisi hesab olunurdu.

İnsanda, heyvanlara xas olan şəhvət və qəzəb qüvvəsindən başqa, cəddimiz pir Əmanın əlavə yaratdığı ağıl qüvvəsi mövcuddur. Əgər insan həyatını heyvani qüvvələrin təsiri ilə yaşamışdırsa, deməli heyvan kimi ömür sürmüşdür. Düşünən insan bütün əməllərində ağıl qüvvəsinə əsaslanmalıdır. Sufilərdə bu ağılın ilk göstəricisi - onun öz yaradılışının sirrini, hardan gəlib hara getdiyini bilməsidir. Bu bilik də qədimdə adi insanlara məktəblərdə keçirilmirdi. Onlar bunlarla bağlı sirləri meyxana, aşıq məclisləri kimi məclislərdə yavaş-yavaş anlayırdılar. Bu məclislər keçmiş dövrlərdə insanı düşündürən, kamilləşdirən və hamının iştirak edə bildiyi məclis sayılırdı.

Meyxana sözü mey və xana rəmzlərindən ibarətdir ki, buradakı mey sözü içki mənasını verir. Lakin sufizmdə içki, narkotik - sufinin ekstatik durumunun, yəni ən ali Bəqa fazasının insana verdiyi vəziyyətin rəmzi sayılır. Hərfi mənada içki, narkotik - insan beynini pozan, insanı heyvan səviyyəsinə salan maddələr olduğu üçün o əksər dinlərdə, əsasən də İslamda qadağan olunmuşdur. Qədim mətnlər rəmzlərlə yazıldığı üçün adi insanlar adətən rəmzi mənaları hərfi məna kimi başa düşürdülər. Buna görə də qədimdə adi insanların müqəddəs kitabları oxuması məsləhət görülmürdü. Bu mənada hələ XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qozi demişdi: “Əhdi-Ətiqi (Bibliya) xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir". 

Sufi məntiqində meyxana sözü içki məclisi mənasında yox, sufi məclisi mənasındadır. Çünki "mey" rəmzi batini mənalarda "Omm" səsinin müşayəti ilə yaradılmış ilk İlahi varlıqları bildirmişdir və Tövratda "Əm" (Am/Ümmə) kimi yazılaraq ilk xalqı bildirir. Daha dərin batini mənalarda "meyxana" sözü - "ümmü-xan", "ümməti-xanaan" kimi açılır ki, bu da qədimdə - "iki dünyanın əhli" sayılan pir-bəglər, seyid-şıxlar nəsli mənasında olmuşdur. Meyxananın əsasən Bakı və onun kəndlərində geniş yayılmasını nəzərə alsaq, anlayarıq ki, bu heç də təsadüfi deyildir. Çünki, Bakı sözü batini mənada - sufizmin Bəqa fazasında doğulan Bəg deməkdir və bütün qədim dinlərdə bu söz Allah mənasını vermişdir. Mən, "Baki - Allahın əsas adlarından biridir" adlı məqalədə bu haqda yazmışam (sayt: https://firudin.blogspot.com/2023/12/baki-allahn-sas-adlarndan-biridir.html?m=1). Başqa sözlə, meyxana - seyid-bəglər nəslinin ən qədimdən gələn və onların sufi məntiqi ilə söz yarışı olan janrdır. Lakin meyxananın bu günkü səviyyəsi, onun öz əsl mahiyyətinin tam itməsini göstərir. "Çitraxuda" səviyyəsinə enmiş bu günkü meyxananı - əsl meyxananın məsxərəsi adlandırmaq daha düzgün olardı.


Firudin Gilar Bəg 

Sufi-batin alimi 

12.06.2026

Комментарии

Популярные сообщения из этого блога

Истина о небесных и земных людях

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истинная суть праздника Песах - Пасха