Keçmişimizi Aşağılayanlar Bu Sırləri BİLMİR!
Son zamanlar sosial şəbəkələrdə xalqımızı, onun tarixini, qəhrəmanlarını, dinini aşağılamaq əməlli-başlı dəbə düşüb. Tanınmış, lakin cahil insanlar gündəmdə qalmaq üçün hər gün keçmişimizlə bağlı bir xoşagəlməz fikir ortaya atırlar. Belə insanların qədim mənbələri düzgün dərk etməmələri haqda mən dəfələrlə fikir bildirmişəm və internet səhifələrimdəki kitab və məqalələrimdə bunları mənbələrlə elmi əsaslandırmışam. Lakin Mövlanənin sözü ilə desək: "Qırx alimi bir dəlillə susdurdum, bir cahili qırx dəlillə susdura bilmədim". Yəni bu gün keçmişimizə "dil uzadan" ziyalıların səviyyəsi həmin o cahillərin səviyyəsində olduğu üçün onlara qədim həqiqətləri anlada bilmədim. Mənbələrdə qarşıya çıxan sonsuz sayda suallara cavab verə bilməyən bu hərşeyşünaslara elmlə heç nə sübut etmək mümkün deyildir.
Buna görə də mən, dərin elmi araşdırmalarıma əsaslanaraq o cahillərə müraciət edərək deyirəm: Ey oxuduğunun mənalarını anlamayanlar! Bilin ki, bütün qədim yazılar ilk insanların vahid "səfa" dili məntiqi ilə yazılıb və siz onların əsl mənalarını özbaşına heç vaxt dərk edə bilməzsiniz. Bu ilk insanlar Alban Ərənşahlar nəsli olan Gelar bəglərinin əcdadlarıdır. Bütün bəşəriyyəti bu Azəri pir-bəglərinin əcdadları yaradıblar. Onlar, təxminən 5500 il əvvəl, heyvan kimi yaşayan insanabənzər varlıqlara ağıl verib, onları düşünən insana çeviriblər. Əcdadlarımız kainatda ilk dəfə efirin, yəni əvvəli və sonu olmayan, doğmayan, doğurmayan İlahın sirlərini dərk ediblər. Tam kamilləşmiş Ənkə böyüklərimiz Xaldeyada, yəni Azərbaycan Atabəglər Ailəsinin Xelat yurdunda - Babil qülləsi, onun göylərində isə İlahdan El, yəni El-İlah, Allah yaradıblar. Göydəki bu El-in daxilində isə cənnət var ediblər ki, Azəri pirlərinin ruhları burada ölümsüzlük qazanıblar.
Babil qülləsi tikildikdən və onun göylərində cənnət yaradıldıqdan sonra, Allaha çevrilmiş Atabəg Niftalı Amon, əcdadlarımızın vahid səfa dilindən 70 dil yaradıb onları dünyaya səpələdi. Dünyaya səpələndikdən sonra onlar bütün yazıları ikili mənada, yəni zahiri və batini mənalarda yazdılar. 70 dildə yazılan bu yazıların zahiri, yəni hərfi mənaları avam insanlar üçün, batini mənaları isə səfa dilini bilən ilk insanların törəmələri üçün nəzərdə tutulmuşdur. Adi insanlar səfa dilini bilmədikləri üçün qədim yazılanların əsl mənalarını dərk edə bilmirlər. Başqa sözlə, qədim mənbələrdə müxtəlif dillərdə yazılan yazıların əsl mənaları - Xelatda Azərbaycan Atabəglər Ailəsinin tikdiyi sirli Babil qülləsi və onun göylərində yaratdıqları kosmik Allaha həsr olunmuşdur.
Xelat eli Tövratda Midıya İsmaililərinin Gelad eli kimi qeyd olunur ki, Allah Geladı "Mənim Geladım" adlandırır. Qədim Misir mətnlərində bu Gelad-Xelat eli Gel şəhəri kimi məlumdur ki, Azəri pirlərinin burada yaratdıqları kosmik Allah - Atum və ya Osiris adlanır.
Yunanların Osiris kimi qeyd etdikləri Asar (Usir) Allahı digər mənbələrdə Azər və Aşur kimi, "pir" sözü isə "firon" kimi keçir. Başqa sözlə, bugünkü Azəri pirləri Osirisin fironlar nəsli deməkdir ki, İran mənbələri onları farnbaq, yəni firon-bəg adlandırır. Gel şəhərinin bu Azəriləri qədim Misir mətnlərində Nu-Asar, yəni Nasar, Nizar adlanır. Yəhudi və xristian mətnlərində onlar - həyatlarını Allaha həsr etmiş nəzər, nazir kimi qeyd olunurlar. Ərəb mənbələri onları ifrat Gelat (Qulat) şiələri sayılan İsmaili nizariləri adlandırır. Quran isə bu nizariləri - nəzir, yəni insanları xəbərdar edən şəxs kimi qeyd edir.
Onların Babil qülləsi isə İsmaili nizarilərin Ələmut qalası adlanır ki, batini mənada bu rəmz El-Muta, yəni Atum (Osiris) Allahının Eli deməkdir. Başqa sözlə, Ələmut qalasının məlahiləri, mülhidləri, yəni mələkləri burada ölümsüzlük qazanan Azəri seyid-bəglərinin ruhlarıdır. Qədim yəhudilər Allahın bu göydəki və yerdəki elinə qulluq edənləri Levit, yəni "Əhli əl-beyt" adlandırırlar ki, İslamda Allahın bu beyti eyni zamanda "Beyt əl-elm vəl-mərifət vəl-hikmət" kimi də məlumdur. Başqa sözlə, Gel, Gelad, Gelar elinin nəzər-nazirləri elə ilk insanların vahid səfa dilini, yəni hikmət və mərifətullahı bilən, insanları xəbərdar edən nəzirlərdir. Bu isə o deməkdir ki, qədim yazıların əsl, yəni batini mənalarını Allah, Özünə qulluq üçün yaratdığı Azəri seyid-bəgləri olan nəzirlərin "ürəyinə verir".
Bütün qədim yazıları, o cümlədən müqəddəs kitabları da səfa dilini bilən bu Gelar seyid-bəgləri yazmışlar. Onlardan başqa heç kim qədim yazılarda söhbətin belə nədən getdiyini anlaya bilməz. Ərəb xilafətini də bu Gelad İsmaililəri yaratmışlar və ona görə də Ərəb imperiyası mənbələrdə "İsmaili dövləti", "Həcər (Aqar) dövləti" adlanır. Bəşəriyyəti yaratdıqları kimi, bütün qədim dövlətləri də Azəri seyid-bəglərinin əcdadları qurublar. Bu dünyada yalnız onlar İlahla vəhdətə nail olub yeri-göyü özlərinə tabe ediblər. Buna görə də ən qədim mənbələrdə "Bəg" və "Seyid" rəmzi Allah mənasında işlədilirdi.
Mən "Batini-Quran", digər kitablar və yüzlərlə elmi məqalələrimdə bunlar haqda 30 yıldır ki yazırıram. Təəssüf ki, bu gün özünü alim adlandıranlar üzdə susur, arxamca isə insanlarda haqqımda mənfi fikir formalaşdırırlar. Onlar Quranda yazıldığı kimi "Allahın nurunu ağızları ilə söndürmək istəyirlər". Daha anlamırlar ki, Allah Öz işini mütləq sona çatdırıb, Öz nurunu tamamlayacaqdır.
Firudin Gilar Bəg
Sufi-batin alimi
25.08.2026
Комментарии
Отправить комментарий